Bakıda mənzildən 70 min dollar oğurlayan dəstə üzvləri barəsindəki hökm ləğv edilib

Bakıda mənzildən 70 min dollar oğurlayan dəstə üzvləri barəsindəki hökm ləğv edilib
# 27 yanvar 2020 09:35 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində mənzildən 70 min dollar oğurlamaqda təqsirli bilinən dəstə üzvləri- Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli və Vazeh Babayevin barələrindəki hökmdən verilən şikayətə, prokurorluq tərəfindən verilən protestə baxılıb.

APA-nın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslər barəsindəki hökm ləğv edilib və baxılması üçün yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Dəstə üzvlərinin Cinayət Məcəlləsinin 177.3.2 (Külli miqdarda ziyan vurmaqla oğurluq) V.Babayev isə 307-ci (cinayəti barədə xəbər verməmə) maddəsi ilə təqsirli bilinib.

Hadisə Binəqədi rayonunda baş verib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin yanvarında Şamil Şirinovun evindən 70 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - E.Yusifov, E.Namazov, Kəlbəcər rayon sakini R.Sabirli və V.Babayev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub.

Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Yusifov 7 il, Elşad Namazov 8 il, Röyal Sabirli 7 il 6 ay, Vazeh Balayev isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən prokurorluq protest, təqsirləndirilən şəxslər isə apelyasiya şikayət verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR