Bakıda polisi qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakıda polisi qətlə yetirən şəxsin məhkəməsi başlayır
# 13 mart 2021 09:06 (UTC +04:00)

Bakıda polis polkovnikini qətlə yetirməkdə təqsirləndirilən Elmar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəmi törətməkdə şübhəli bilinən Elmar Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Onu da qeyd edək ki, qətlə yetirilən T. Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR