Baş Şirvan kanalında brakonyerliyə qarşı reyd keçirilib, sintetik tor və qanunsuz ov qurğuları məhv edilib - FOTOSESSİYA

Baş Şirvan kanalında brakonyerliyə qarşı reyd keçirilib, sintetik tor və qanunsuz ov qurğuları məhv edilib - FOTOSESSİYA
# 21 mart 2021 10:51 (UTC +04:00)

Martın 20-də Ekologiya və Təbii sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Balıqçılar İttifaqı tərəfindən Baş Şirvan kanalının Ələt-Astara magistralı ilə kəsişdiyi nöqtədən Şirvan şəhəri istiqamətində 20 km kanal boyunca qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, reyd zamanı kanal boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar texnikanın köməyi ilə sudan çıxarılaraq məhv edilib. ETSN əməkdaşları tərəfindən qanunsuz yolla balıq ovlayan şəxslər barəsində inzibati protokollar yazılıb, cərimə olunublar.

Reyd zamanı Baş Şirvan Kanalında brakonyerlərin istifadə etdiyi 2 ədəd taxta qayıq aşkar olunub. Eyni zamanda, balıq ovu üçün istifadə olunan ventil və tor alətlərinin quraşdırılması məqsədilə 50 yerdə suyun axınının qarşısına dəmir tros vasitəsi quraşdırılan sualtı çəpərlər müəyyən edilib. Dəmir troslar kəsilib və onların üzərində olan vasitələr texnikanın köməyi ilə sudan çıxarılıb. Kanal sahilində bir brakonyer evi dağıdılıb. Qanunsuz balıq ovu üçün istifadə olunan ov alətləri -ventil və sintetik torlar yandırılaraq məhv edilib.

Reyd zamanı dəmir trosların kəsilməsinə etiraz edən brakonyer barəsində protokol tərtib edilib. Həmin şəxsdən götürülən 3 kiloqramlıq kürülü çəki balığı diri olduğundan yenidən suya buraxılıb.

Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev APA-ya açıqlamasında qeyd edib ki, yaz qabağı balıqların populyasiyası və kürütökməyə hazırlaşdığı dövrdə qiymətli balıq növlərini brakonyerlik yolu ilə və kobud kustar üsulla hazırlanmış ləvazimatlar, sintetik torlar vasitəsi ilə tutulması qadağandır. Bu ətraf mühitə o cümlədən su hövzələrinin faunasına vurulan böyük ziyandır. Kürüləmə dövründə balıqların bu yolla ovlanması həm də onların nəslinin kəsilməsinə şərait yaradır. Bu eyni zamanda ölkə təbiətinə və iqtisadiyyatına vurulan ziyandır. Kürüləmə dövründə balıqlar Xəzər dənizindən kütləvi şəkildə axar şirin sulara daxil olur bu zaman balıqlar kütləvi şəkildə kanalda brakonyerlər tərəfindən müxtəlif vasitələrlə tutulur. Ona görə də su hövzələrində balıqların artıb çoxalması ləngiyir, balıqların yenidən Xəzər dənizinə qayıtmasını məhdudlaşdırır. Bu da ölkə sularında balıq ehtiyatlarının tükənməsinə gətirib çıxarır.

Reydlərin mütəmadi keçirilməsi davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR