DİN: 6 nəfər COVID-19 xəstəsi ictimai yerlərdə saxlanılıb

DİN: 6 nəfər COVID-19 xəstəsi ictimai yerlərdə saxlanılıb
  • Clock-gray 12:31
  • calendar-gray 19 Mart 2021

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 18-də polis əməkdaşları tərəfindən paytaxt ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.  

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. 

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Hacıqabul şəhər sakini H.İsayev barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. 

Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir. 

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirləri davam etdirir. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə  çağırırıq.

Sail Ağasəlim

Digər xəbərlər