Gəncədə keçirilən kütləvi reyd zamanı 160-dan artıq sürücü cərimələnib - FOTO

Gəncədə keçirilən kütləvi reyd zamanı 160-dan artıq sürücü cərimələnib - FOTO
# 19 fevral 2020 23:06 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul xidmətinin və Dövlət Yol Polis şöbəsinin əməkdaşları növbəti reyd keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, axşam saatlarında başlayan reyd şəhərin Heydər Əliyev prospekti, Şah İsmayıl Xətai prospekti, Əziz Əliyev prospekti, Üzeyir Hacıbəyov prospekti, Yeni Gəncə yaşayış massivi, Poçt qəsəbəsində və avtomobillərin sıx olduğu digər yerlərdə baş tutub.

Polisin apardığı yoxlamalar zamanı yol hərəkəti qaydalarını pozan xeyli sürücü aşkarlanıb. Həmin sürücülər yol polisi əməkdaşları tərəfindən inzibati qaydada cərimələnib.

Dövlət Yol Polisi şöbəsinin baş inspektoru Hacı Həsənov APA-ya bildirib ki, reydin keçirilməsində məqsəd qayda pozan sürücüləri aşkar etmək və baş verə biləcək qəzaların qarşısını almaqdan ibarətdir. Reyd zamanı 160-dan artıq sürücü cərimələnib. Bunların arasında 4 sərxoş, 30-dan artıq digər qayda pozan sürücülər olub.

Polisin apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, nəqliyyat vasitələrinin ön və arxa şüşələrinə qanunla icazə verilməyən pərdə vuran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb. Həmin sürücülər məsuliyyətdən yayınmağa çalışıblar. Buna baxmayaraq, polis onlar barəsində qanun çərçivəsində tədbir görüb.

Hətta bəzi sürücülər sənədlərini belə təqdim etməkdən boyun qaçırıblar.

Həmçinin yoxlamalar zamanı sürücülük hüququ olmadan avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Eyni zamanda, başqa qayda pozuntularına görə cərimələnənlər də olub. Konstruksiya dəyişikliyinə görə saxlanılan sürücülərin avtomaşınları cərimə meydançasına aparılıb.

Dövlət Yol Polisi şöbəsindən bildirilib ki, şəhər ərazisində bundan sonra da reydlər mütəmadi olaraq keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR