Göyçayda 80 baş qoyun suda batıb, 17-si ölüb - FOTO

Göyçayda 80 baş qoyun suda batıb, 17-si ölüb - FOTO
# 15 noyabr 2020 15:54 (UTC +04:00)

Göyçay rayonunda xırda buynuzlu heyvanlar arasında tələfat baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Şəkər kənd sakinlərinə məxsus mal-qaranın otlaq sahəsində qeydə alınıb. Kənd sakinlərindən Baloğlan Əsgərov, Ağaisa Mirəliyev, Xəyyam Nuriyev, Sirac Haqverdiyev, Azad Bəşirov, Rasim Mircəfərov, Elvin Mirəliyev və başqalarına məxsus 320 baş qoyundan 80-i otlaq sahəsinin ortasında yeni qazılan dərin suvarma arxına düşüb. Hadisə nəticəsində 17 baş qoyun tələf olub, 50-dən çox qoyun suda boğulub, xəsarət alıb.

Kənd sakinləri APA-nın yerli bürosuna bildiriblər ki, Şəkər kənd icra nümayəndəliyi əhalinin otlaq sahəsini iki yerə bölüb, su arxının bir tərəfində yonca sahəsi və tut bağı salıb, digər tərəf isə otaq sahəsi kimi qalıb. Dünən kənd icra nümayəndəliyinin sifarişi ilə "Hyundai" markalı ekskavator bu otlaq sahəsinin ortasında dərinliyi 2 metrdən çox olan arx qazıb. Kənd sakinləri bu arxın qazılmasından xəbərsiz olduqlarını bildiriblər.

Bu gün otlaq sahəsinə gələn qoyun sürüsü arxdan keçmək istəyərkən qəflətən suya düşərək boğulublar. Naxırçı sahədə tək olduğu üçün qoyunların dərin su arxına yaxınlaşmasının və suya düşməsinin qarşısının ala bilməyib. Yerli sakinlər bu məsələ ilə bağlı kənd icra nümayəndəliyinə və bələdiyyə sədrinə müraciət etdiklərini, lakin onların hadisə yerinə gəlmədiklərini bildiriblər. Kənd sakinləri hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 Məlumat Mərkəzinə müraciət ediblər. Hazırda polis əməkdaşları hadisə yerindədir. Vətəndaşlar onlara dəyən maddi ziyanın ödənilməsi üçün şikayət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR