İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb - VİDEO - YENİLƏNİB

İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb - VİDEO - YENİLƏNİB
  • Clock-gray 13:08
  • calendar-gray 24 Fevral 2021

Qar və buz səbəbindən Ağsu aşırımı, Muğanlı-İsmayıllı dolayları və Lahıc-Dəmirçi yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb.  

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, ötən gecədən başlayaraq Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ şəhərlərinə və dağ kəndlərinə yağan qar bəzi yolların buz bağlamasına səbəb olub. Nəticədə nəqliyyatın hərəkəti çətinləşib.

Ağsu aşırımının, Muğanlı-İsmayıllı dolaylarının, İsmayıllı-Lahıc-Dəmirçi-Pirqulu-Şamaxı yollarının qarlı olması və qismən buz bağlaması ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşıb. Hazırda çox az sayda minik avtomobili bu yollarda hərəkət edə bilir. Bir neçə avtomobil sürüşərək yoldan kənara çıxıb. Hazırda yolların buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün ərazidə ağır texnikalar və canlı qüvvə işləyir, yola düz və qum səpilir.

Bölgədə xidmət edən yol polisi əməkdaşları bu yolların axşam saatlarında tamamilə buz bağlayacağını və gecə səhərədək avtomobillərin hərəkəti üçün daha təhlükəli olacağını bildiriblər. Onlar sürücülərə alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etməyi məsləhət görür.

Məlumat üçün bildirək ki, Ağsu aşırımına, Muğanlı-İsmayıllı dolaylarına, Lahıc-Pirqulu yoluna 10 sm, Şamaxı, İsmayıllı, Qəbələ və Ağsunun dağ kəndlərinə isə 20-25 sm qar yağıb. Hazırda yağıntı davam edir. Qar səbəbindən bəzi kəndlərdə elektrik dirəklərinə və naqillərə ziyan dəyib, əhaliyə elektrik və qaz verilişində fasilə yaranıb. Bir neçə tikilinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub.

Qarın törətdiyi fəsadların aradan qaldırılması üçün işlər görülür.

***

saat 12:22

Dövlət Yol Polisi əməkdaşları respublikanın avtomobil yollarında köməksiz vəziyyətdə qalan sürücülərə köməklik edir.

APA xəbər verir ki, İsmayıllı-Qəbələ-Şəki yolunun 56-cı kilometrliyində sürücülər köməksiz vəziyyətdə qalıb. Yol polisi əməkdaşları həmin sürücülərə köməklik edərək avtomobillərin hərəkətinə şərait yaradıblar.

APA həmin görüntüləri təqdim edir.

 

Şahnəzər Bəşirov

Digər xəbərlər