İsmayıllıda nənə və babasını işgəncə ilə öldürən şəxsin istintaqı başa çatıb

İsmayıllıda nənə və babasını işgəncə ilə öldürən şəxsin istintaqı başa çatıb
# 26 dekabr 2020 09:13 (UTC +04:00)

İsmayıllıda nənə və babasını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Qədirovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il rayonun Bizlan kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.

Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb. İsmayıllı rayon Polis Şöbəsinin və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR