Kirayə götürdüyü evin sahibini xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Kirayə götürdüyü evin sahibini xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır
# 26 dekabr 2019 12:26 (UTC +04:00)

Üç il əvvəl Abşeron rayonunda qətl törətməkdə təqsirli bilinən Fuad Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 2020-ci il yanvarın 8-nə təyin olunub.

Qeyd edək ki, Tamara Rəsulovanın oğlu Əli Rəsulovun itkin düşməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Əli Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə şübhələr olduğundan Abşeron rayon prokurorluğu cinayət işi başlayaraq istintaq aparıb.

Müəyyən edilib ki, Fuad Mustafayev 2016-cı ilin sentyabrında kirayə götürdüyü Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulova məxsus əmlakı satıb, pulunu ələ keçirmək üçün tamah niyyəti ilə ona bıçaqla xəsarətlər yetirib.

O, Əli Rəsulovu öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə sellofan torbaya büküb və basdırıb.

Daha sonra Əli Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satıb, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirib.

Bu il aprelin 17-də Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR