MTN əməkdaşlarının məhkəmədə iştirakla bağlı ərizəsi təmin edilib

MTN əməkdaşlarının məhkəmədə iştirakla bağlı ərizəsi təmin edilib
  • Clock-gray 12:37
  • calendar-gray 25 Fevral 2020

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrindəki məhkəmə qərarından verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə məhkumlar məhkəmədə iştirakla bağlı ərizə təqdim ediblər.

Hakim bildirib ki, E. Quliyev və A. Mehdiyevin məhkəmədə iştirakla bağlı ərizəsi təmin edilib: “Lakin məhkumlar cəzaçəkmə müəssisədən istintaq təcridxanasına köçürülməkdən imtina ediblər. Onlar bildiriblər ki, cəzaçəkmə müəssisəsindən birbaşa məhkəməyə gətirilsinlər. Lakin belə bir hal qanunvericilikdə nəzərdə tutulmayıb”.

Bundan başqa, məhkəmədə elan olunub ki, polkovnik A. Mehdiyev kassasiya şikayətinə əlavələr edib. Həmin əlavələr tanış olmaq üçün tərəflərə təqdim olunub.

General E. Quliyevin müdafiəsinə isə yeni vəkil qoşulub. Vəkil iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 7-nə qədər təxirə salınıb.

Qeyd edək ki, E. Quliyev və A. Mehdiyev 2015-ci ildə həbs ediliblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E. Quliyev 10 il 6 ay, A. Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə E. Quliyevin rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. E. Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib. Hökmdən narazı qalan E. Quliyev və A. Mehdiyev apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi isə apelyasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıb.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date