Masallıda ər arvadını, qaynını, qayınanasını, sonda isə özünü güllələyib - YENİLƏNİB

Masallıda ər arvadını, qaynını, qayınanasını, sonda isə özünü güllələyib - YENİLƏNİB
# 26 fevral 2020 19:23 (UTC +04:00)

Masallıda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Ailə yaxınları bildiriblər ki, Sarvan Ağayev Alimə Nəbiyevaya ondan boşanacağı təqdirdə onu öldürəcəyi ilə bağlı dəfələrlə hədə-qorxu gəlib. Bir müddət əvvəl A.Nəbiyeva boşanmaqla bağlı məhkəməyə müraciət edib. Dünən isə tərəflər cehiz əşyalarını aparmaq üçün razılığa gəliblər. Gəlinin ailə üzvləri bu gün evdən əşyaları çıxaran zaman qanlı hadisə baş verib.

Masallı Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi Ariz Eldaroğlu APA-ya bildirib ki, yaralılardan biri - Zemfira Nəbiyeva sol said nahiyəsini və döş qəfəsini dərib keçməyən güllə yarası, sol ayağının pəncə nahiyəsinin daraq sümüklərinin 4-nün sınığı, güllə yaralanması ilə xəstəxanaya müraciət edib.

Digər yaralı Sarvan Ağayev isə ağız boşluğundan güllə yarası alıb: "O, üz nahiyəsinin, burunun, ağızın yumşaq toxumalarının çoxsaylı əzilməsi, yaralanması ilə xəstəxanaya daxil olub. Xəstəxanada operativ tədbirlər görüldü. Xəstələrin hər ikisinə dərhal cərrahiyyə müdaxilə olundu. Hər ikisinin vəziyyəti ağır qiymətləndirilir".

Faktla bağlı araşdırma aparılır.

***

16:50

Masallıda güllələnmə hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Sarvan Azərxan oğlu Ağayev həyat yoldaşı - 1999-cu il təvəllüdlü Alimə Əli qızı Nəbiyevaya, qaynı - 1995-ci il təvəllüdlü Miralim Əli oğlu Nəbiyevə və qayınanası - 1977-ci il təvəllüdlü Zemfira Ələsgər qızı Nəbiyevaya odlu silahdan atəş açıb, sonra isə özünü güllələyib.

Nəticədə S. Ağayevin həyat yoldaşı və qaynı hadisə yerində ölüb, özü və qayınanası isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Polis və prokurorluq əməkdaşları tərəfindən daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib və müvafiq araşdırmalara başlanıb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi başlanıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri "baku.ws" saytı yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR