Nazirlik: Ötən 5 il ərzində 200 nəfərədək cinayətkar şəxs Azərbaycana ekstradisiya olunub

Nazirlik: Ötən 5 il ərzində 200 nəfərədək cinayətkar şəxs Azərbaycana ekstradisiya olunub
# 21 dekabr 2020 17:00 (UTC +04:00)

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin, qanunçuluğun və təhlükəsizliyin təmin olunması, xüsusilə cinayətkarlığın qarşısının alınması üzrə önəmli tədbirlər görülür, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə, Azərbaycan dünyada qabaqcıl dövlətlərdəndir və bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ədliyyə Nazirliyi tərəfindən dünyanın 33 ölkəsi ilə hüquqi sahədə ikitərəfli sazişlər üzrə, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar, eləcə də digər qitələrin ölkələri ilə 40-dan çox ikitərəfli müqavilələr üzrə ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər sahələrdə səmərəli əməkdaşlıq həyata keçirilir.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, cari ildə COVID-19 qlobal pandemiyası ilə əlaqədar ölkələrə giriş-çıxışa məhdudiyyətlərin tətbiqi, kommunikasiyanın çətinləşməsi ekstradisiya sahəsində rəsmi sənədlərin əsllərinin çatdırılmasında problemlər yaradır.

Bildirilib ki, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən xarici həmkarlarla məsləhətləşmələr aparılaraq ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və qısa müddətdə baxılması barədə razılığa gəlinib: “Ekstradisiya məsələsinə baxılarkən, həmçinin sorğu olunan şəxslərin insan hüquqlarının qorunmasına, penitensiar müəssisələrdə saxlanma şəraitinə və tibbi təminatına xüsusi diqqət yetirilir, bəzi hallarda isə bu sahədə vəziyyətlə yerində tanış olunur. Dövlətimizin daim diqqətdə saxladığı penitensiar sahədə aparılan islahatların uğurlu nəticəsidir ki, ötən dövrdə bir sıra qabaqcıl Avropa dövlətləri bu sahədə ölkəmizdəki vəziyyəti təqdir edərək ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul ediblər. Təkcə bu il ərzində beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. ölkələrdən Ədliyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə ölkəmizə ekstradisiya edilməsi təmin olunub”.

Qeyd olunub ki, bu günlərdə isə Cinayət Məcəlləsinin 263.3-cü (iki şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilərək beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyasına nail olunaraq, o, nazirlik tərəfindən ölkəmizə gətirilib: “Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür. Bu baxımdan xüsusi qeyd olunmalıdır ki, qardaş Türkiyə tərəfindən ölkəmizə daim böyük dəstək göstərilir. Ümumilikdə isə ötən 5 il ərzində 200 nəfərədək cinayətkar şəxsin Azərbaycana ekstradisiyası təmin olunub. Bununla da cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR