Nazirlik: Ötən il qanun pozuntusuna yol vermiş bələdiyyələrlə bağlı 10 cinayət işi başlanılıb

Nazirlik: Ötən il qanun pozuntusuna yol vermiş bələdiyyələrlə bağlı 10 cinayət işi başlanılıb
  • Clock-gray 13:24
  • calendar-gray 25 Yanvar 2021

“Ötən ilin əvvəllərində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin nəticələri təhlil edilərək ümumiləşdirilib. Ümumiləşdirmə nəticəsində bələdiyyələrin fəaliyyətində yol verilən xarakterik qanunpozuntuları, o cümlədən cinayət xarakterli pozuntular, həmçinin onları doğuran səbəb və şərait müəyyənləşdirilib”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov bildirib. Onun sözlərinə görə, həmin xarakterik qanunpozuntularının və onların baş verməsinə şərait yaradan halların qarşısının alınması və aradan qaldırılmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirilib:

“2020-ci ildə ölkə Prezidenti öz çıxışlarında icra orqanları ilə yanaşı bələdiyyələrin də fəaliyyətində yol verilən neqativ hallara toxunub, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin dövlət siyasətinin ən mühüm tərkib hissəsi olduğunu dəfələrlə vurğulayıb, qeyd olunan məsələlər daim diqqət mərkəzində saxlanılıb. İnzibati nəzarət icraatı qaydasında bələdiyyələrin fəaliyyətində aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır”.

 

Günay Elşadqızı

Digər xəbərlər