Prokurorluq əməkdaşı adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayır

Prokurorluq əməkdaşı adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayır
  • Clock-gray 09:05
  • calendar-gray 10 Mart 2021

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Pərvin Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə müraciət əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib sonuncuya məxsus 5 min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Pərvin Qəhrəmanov prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Pərvin Qəhrəmanov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Səlcuq Elçin

Digər xəbərlər