Rüşvət almaqda təqsirləndirilən baş mühasibin həbs müddəti uzadılıb

Rüşvət almaqda təqsirləndirilən baş mühasibin həbs müddəti uzadılıb
  • Clock-gray 13:59
  • calendar-gray 03 Dekabr 2020

Binəqədi rayon Məhkəməsində rüşvət almaqda və vəzifə səlahiyyətərini aşmaqda təqsirləndirilən Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühasibi Sirac Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Qərara əsasən, S. Kərimovun həbs müddəti uzadılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun əməkdaşları ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlayaraq həyata keçiriblər.

Hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olub. 

Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülüb. 

Əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir. 

Araşdırmalarla məlum olub ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunub. 

Adı çəkilən şəxslər barəsində cinayət işi başlanıb və barələrin həbs qətimkan müddəti seçilib.

Səlcuq Elçin

Digər xəbərlər