Rüşvətə görə həbs edilən Zaqatala Məhkəməsinin keçmiş hakiminin şikayətinə baxılıb

Rüşvətə görə həbs edilən Zaqatala Məhkəməsinin keçmiş hakiminin şikayətinə baxılıb
  • Clock-gray 11:37
  • calendar-gray 23 Yanvar 2020

Şəki Apelyasiya Məhkəməsidə həbsdə olan Zaqatala Rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov, onun məsləhətçisi Şahid Allahverdiyev və Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubovun barələrində olan hökmdən verilən şikayətə baxılıb.

APA-nın məlumatına görə, keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, istintaqla Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A. İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş. Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubova da ittiham verilib. Lakin onun barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. İsmayılov 2 il 6 ay,  Ş. Allahverdiyev və M. Yaqubov hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib. Vəkillər Kollegiyasının üzvü olmuş M. Yaqubov məhkəmə zalında həbs edilib. 

 

Səlcuq Elçin

Digər xəbərlər