Səfirlik: Fərman İsmayılovun cənazəsinin Türkiyə vaxtı ilə saat 03:30-da İstanbula gətirilməsi gözlənilir

Səfirlik: Fərman İsmayılovun cənazəsinin Türkiyə vaxtı ilə saat 03:30-da İstanbula gətirilməsi gözlənilir
  • Clock-gray 16:25
  • calendar-gray 26 Yanvar 2021

Yanvarın 23-də Qvineya körfəzində Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsinin yanvarın 26-dan 27-nə keçən gecə, Türkiyə vaxtı ilə saat 03:30-da İstanbula gətirilməsi gözlənilir.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki Səfirliyinin Konsulluq Məsələləri üzrə ikinci katibi Mürşüd Məmmədov deyib.

O bildirib ki, F. İsmayılovun cənazəsi Türkiyə Respublikasının Qabondakı səfirliyinin dəstəyi ilə paytaxtı Librevil şəhərinə aparılıb: “Cənazənin nəqli məsələləri həll edildikdən sonra Fərman İsmayılovun cənazəsi Qabon vaxtı ilə saat 18:10-da Türk Hava Yollarına məxsus təyyarə ilə göndəriləcək. Hava şərtləri və digər hər hansı bir maneə olmazsa, təyyarə İstanbuldakı hava limanına saat 03:30-da eniş edəcək. O saatdan etibarən isə cənazə Türk Hava Yollarının ilk uçuş reysi ilə Azərbaycana göndəriləcək”.

Məsələnin Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun birbaşa nəzarətində olduğunu vurğulayan M. Məmmədov qeyd edib ki, hadisə baş verən andan etibarən Azərbaycanın Türkiyədəki Səfiri Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, Türkiyənin Qabondakı Səfiri ilə birbaşa əlaqə qurub, cənazənin nəqli işlərində aidiyyəti qurumlar tərəfindən müvafiq dəstək göstərilib: “Cənazənin Azərbaycana göndərilməsi üçün gəminin məxsus olduğu şirkətlə də mütəmadi əlaqələrimiz olub. Eləcə də Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə vəfat etmiş vətəndaşımızın ailə üzvləri ilə də əlaqələrimiz var”.

M. Məmmədov onu da vurğulayıb ki, Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyə dövlətinin bu həssas məsələdə göstərdikləri diqqətə görə Türkiyə Xarici İşlər Nazirliyinin və Qabondakı Türkiyə Səfirliyinin rəsmilərinə təşəkkür edir.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər