Şirvanda karantin qaydalarını pozan 104 nəfər cərimə olunub

Şirvanda karantin qaydalarını pozan 104 nəfər cərimə olunub
# 21 dekabr 2020 17:45 (UTC +04:00)

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi Şirvan şəhərinin giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar aparılması davam edir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu məqsədlə Şirvan şəhərinin giriş və çıxışlarında 3 stasionar post quraşdırılıb. Həmin stasionar postlarda 2020-ci il dekabrın 14-dən bu günə kimi 6989 avtomobil yoxlanılıb, postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 853 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.

Eləcə də qeyd olunan şəhər üzrə yaradılmış PPX birgə qrupları tərəfindən yoxlanılan 1239 nəfərdən karantin rejimi qaydalarını pozan 104 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokollar yazılaraq cərimələr tətbiq olunub.

Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan və yaşadığı ünvanı icazəsiz tərk edən 34 koronavirus xəstəsi müəyyən edilib. Onlardan 28 nəfər barəsində araşdırma aparılır, 5 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1. maddəsi ilə cinayət işi açılıb. Bir nəfər barədə material Sabirabad polis şöbəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR