Vidadi Zeynalov və digərlərinin müsadirə olunan əmlakı ilə bağlı araşdırma aparılır

Vidadi Zeynalov və digərlərinin müsadirə olunan əmlakı ilə bağlı araşdırma aparılır
# 19 fevral 2020 15:44 (UTC +04:00)

Bu gün Ali Məhkəmədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Optik Rabitə, Rabitə Mülki Tikinti" MMC-nin direktoru Emin Məmmədov və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev vəsatət verib. O bildirib ki, təqsirləndirilən şəxslərlə bağlı müsadirə olunan əmlakarla bağlı nazirlikdə araşdırma aparılır: "Həmin araşdırmaların nəticələri məlum olana qədər məhkəmənin təxirə salınmasını xahiş edirik".

Nümayəndə məhkəmədən 2 həftə vaxt istəyib.

Vəsatət təmin edilib və proses martın 11-ə qədər təxirə salınıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri V.Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə və B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib, A. Mustafayev, Q. Beybalayev, E. Məmmədov, N. Məmmədov şərti azadlığa buraxılıb.

Vidadi Zeynalov ötən il mart ayında cəzasının 4/3 hissəsini çəkdiyi üçün azadlığa çıxıb.

Beytulla Hüseynov isə Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edərək əmlaklarına qoyulan həbsin götürülməsini istəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR