Xızıda dayısını güllələyən şəxsin cinayət işi məhkəməyə göndərilib

Xızıda dayısını güllələyən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 09 aprel 2021 09:20 (UTC +04:00)

Xızıda dayısını güllələməkdə təqsirləndirilən Rauf Fərzəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Qeyd edək ki, ötən il sentyabrın 19-da Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Rauf Fərzəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə dayısı Vahid Əhmədovu qəsdən öldürmək məqsədilə atəş açmasına baxmayaraq güllənin ona dəyməyərək yan keçməsinə, daha sonra isə Vahid Əhmədovun bıçaqla Rauf Fərzəliyevə qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

​Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanıb.

Rauf Fərzəliyev Cinayət Məcəlləsinin 29, 120.1, Vahid Əhmədov isə 127.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR