Xəzərdə neftçi itkin düşüb - YENİLƏNİB

Xəzərdə neftçi itkin düşüb - YENİLƏNİB
# 10 avqust 2020 15:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi neftçinin itkin düşməsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin "Abşeronneft" NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlunun 09.08.2020-ci il tarixində növbədə olan zaman itkin düşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi ilə axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

***

saat 14:54

Xəzər dənizində neftçi itkin düşüb.

“Azneft” İstehsalat Birliyindən APA-ya bildirilib ki, ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlunun növbənin sonunda - saat 19:00 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilib.

“Kazımov Elşən axırıncı dəfə həmin gün saat 15:40 radələrində neftqazçıxarma ustası Vidadi Əliyevə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib. Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkcəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb. İşçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. Onun itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir”, - deyə “Azneft” İB-nin məlumatında qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR