ADA Universiteti ilə Baş Prokurorluq memorandum imzalayıb

ADA Universiteti ilə Baş Prokurorluq memorandum imzalayıb
# 13 may 2022 10:46 (UTC +04:00)

Müasir dövrün tələblərindən irəli gələrək prokurorluq orqanlarının prioritet fəaliyyət istiqamətlərindən olan peşə hazırlığının və tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi, ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeyd olunanlarla bağlı ölkəmizin aparıcı ali təhsil müəssisələrindən olan ADA Universiteti ilə səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi xüsusi önəm kəsb edir.
12 may 2022-ci il tarixdə ADA Universitetinin Hüquq Proqramının direktoru Rəşad İbadovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub.
Qonaqlar Baş Prokurorluğun yeni inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.
Eyni zamanda, Mərkəzin əməkdaşları tərəfindən qonaqlara Baş Prokurorluğun elektron kitabxanasının, “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sisteminin və distant tədris platformasının təqdimatı da həyata keçirilib.
Tədbirin nəticələrinə uyğun olaraq, ADA Universiteti və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandum hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və müəllimlərin Baş Prokurorluğun struktur bölmələrində və tabe prokurorluqlarda təcrübə keçməsi, birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR