Ankarada Zirvə toplantısında Suriyanın Konstitusiyasının yenilənməsi müzakirə olunub

Ankarada Zirvə toplantısında Suriyanın Konstitusiyasının yenilənməsi müzakirə olunub
# 17 sentyabr 2019 01:15 (UTC +04:00)

“Suriyanın Konstitusiyasında islahatların aparılması önəmli məsələdir. Bu məsələni çox müzakirə etdik. 2020-2021-ci illərə qədər Suriyada siyasi atmosferin dəyişməsini arzu edirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, İran prezidenti Həsən Ruhani bu gün Ankarada Suriya mövzusunda keçirilən Zirvə görüşündən sonrakı mətbuat konfransında Konstitusiya Komissiyasının nə zaman yaradılacağı haqqında sualı cavablandırarkən bu fikirləri bildirib.

Vladimir Putin isə müddətlə bağlı konkret fikir deməsə də Konstitusiya Komissiyasının tərkibinə Rəcəb Tayyib Ərdoğanın təklifi ilə yeni bir ismin daxil olmasını müzakirə etdiklərini və siyahının təsdiqləndiyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan da tarixlə bağlı rəqəm açıqlamayıb, mövzu ilə əlaqədar BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Geir Otto Pedersenin fəaliyyətini təqdir edərək Cenevrə prosesinin bu işin başlanğıcı olacağını deyib.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Suriyanın ərazi bütövlüyünə dair Soçidə keçirilən Zirvə toplantısında Əsəd rejimi təmsilçiləri, tərəfsiz və müxalif qüvvələr daxil 150 nəfərdən ibarət Konstitusiya Komissiyasının yaradılması haqqında qərar verilib.

Onu da qeyd edək ki, Həsən Ruhani Suriya mövzusunda növbəti zirvənin İranda keçiriləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR