Aqil Babayev inanclı insanları axirət əzabından xilas edəcəyi vədi ilə dələduzluq edib - İTTİHAM AKTI

Aqil Babayev

© APA | Aqil Babayev

# 02 avqust 2022 17:51 (UTC +04:00)

Bakıda özünü 12-ci imam kimi təqdim edib 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib Əz-Zaman olmasına inandırıb. Təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

O, insanları təsir altına salaraq, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir.

İttiham olunan şəxs zərərçəkmiş Anar Aslanova axirət dünyasında kömək edəcəyini vəd verib. Aqil Babayev ona deyib ki, lazım gələcəyi vaxtda zühur edəcək. Anar Aslanov verilən vədlərə inanaraq “Hyundai” Santa Fe markalı avtomobil də daxil olmaqla, 585 min 300 min manatlıq ziyana düşüb.

Zərərçəkmiş Natiq Sadıqov isə axirət dünyasında savab qazanmaq üçün ona ümumilikdə 543 min manat verib. Digər zərərçəkmiş Zaur Abdullayev isə biznes fəaliyyətində uğur qazanmaq və günahlarının bağışlanması üçün Aqil Babayevə 134 min manat verib.

İş üzrə dəymiş ziyan ümumilikdə 2 milyon 500 min manat təşkil edib.

Aqil Babayev ittihama münasibət bildirərək özünü təqsirli bilmədiyini deyib.

Proses avqustun 23-də zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdiriləcək.

Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR