Atalıq hüququndan məhrum etmək üçün pul alan məhkəmə işçisi cərimələnib

Atalıq hüququndan məhrum etmək üçün pul alan məhkəmə işçisi cərimələnib
# 29 dekabr 2022 15:45 (UTC +04:00)

Zərdab Rayon Məhkəməsinin rüşvət verməyə təhrik etmə və dələduzluqda ittiham olunan sabiq məsləhətçisi Elçin Səmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, ittihama görə, mülki işlər üzrə məsləhətçi Elçin Səmədov boşanma zamanı keçmiş ərini atalıq hüququndan məhrum etdirmək istəyən qadından məhkəmənin sədrinə çatdırmaq üçün 5 min manat pul alıb. Lakin həmin pul məhkəmə sədrinə verilməyib.

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, hakimə pul vermək təklifi keçmiş həyat yoldaşını atalıq hüququndan məhrum etmək istəyən Qənirə Pickupdan gəlib. İstədiyi qərar çıxarılmadığına görə qadın hüquq-mühafizə orqanlarına şikayət edib.

Cinayət işinə Ucar Rayon Məhkəməsində baxılıb.

Məhkəmə ittiham olunan şəxsin dəymiş ziyanı tam ödəməsini, qarşı tərəfin şikayətçi olmamasını nəzərə alaraq Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq) maddəsi ilə verilmiş ittihamı ləğv edib. Elçin Səmədov rüşvətə təhrik etmə maddəsi ilə təqsirli bilinib, ona 3 il azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. E. Səmədov hökmdən şikayət verib. O bildirib ki, birinci instansiya məhkəməsinin protokollarında onun ifadəsi təhrif olunub. O, üstəlik, rüşvət vermə ittihamı üzrə də bəraət istəyir.

Apellyasiya Məhkəməsi onun barəsində 3 illik azadlığın məhdudlaşdırılması cəzasını 6 min manat cərimə ilə əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR