Azərbaycan-İran sərhədində atışma olub, bir sərhəd pozucusu yaralanıb - FOTO

Azərbaycan-İran sərhədində atışma olub, bir sərhəd pozucusu yaralanıb - FOTO
# 12 avqust 2022 11:26 (UTC +04:00)

Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

APA xəbər verir ki, məlumatda deyilir: "Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. 12 avqust 2022-ci il tarixdə saat 01:55-də Yardımlı rayonu Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub və sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb. Sərhəd pozucularına sərhəd naryadı tərəfindən “Dayan” komandası verilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub. Nəticədə 1 nəfər sərhəd pozucusu yaralanaraq saxlanılıb, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olub. Yaralanmış sərhəd pozucusuna dərhal tibbi yardım göstərilib və xəstəxanaya təxliyə edilib. İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-cı il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Nadirzadə Ağacan Nasir oğlu olması müəyyən edilib.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 7 kq 935 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), bir ədəd tapança və ona məxsus patronlar aşkar olunaraq götürülüb.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR