"Azəriqaz": "Alov qüllələri" yaxınlığındakı partlayışa görə məsuliyyət daşımırıq - VİDEO

"Azəriqaz": "Alov qüllələri" yaxınlığındakı partlayışa görə məsuliyyət daşımırıq - VİDEO
# 30 dekabr 2021 12:49 (UTC +04:00)

Bakıda "Alov qüllələri" hotelinin qarşısında yerləşən məşəldə qaz sızması səbəbindən baş verən partlayışa görə "Azəriqaz" İstehsalat Birliyi məsuliyyət daşımır.

Bu barədə "APA-Economics"ə İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev bildirib.

Onun sözlərinə görə, bu gün səhər radələrində “Alov güllələri” ərazisində partlayış hadisəsi qeydə alındı və dərhal "Azəriqaz" İB-nin əməkdaşları hadisə yerinə gəlib. Eyni zamanda "Təmiz Qaz" QSC ərazidə sızmaların olub olmaması ilə bağlı bir araşdırmaya başladı. Nəticədə məlum olub ki, məşələ qədər heç bir sızma halı müşahidə olunmayıb.

""Azəriqaz" İstehsalat Birliyi 2016-cı ildən sonrakı dövrdə, yəni indiyə kimi, istər obyekt olsun, istər fərdi yaşayış evi olsun, istər hansısa bir dövlət qurumu olsun, qaz verilən ərazi olsun yalnız sayğaca qədər hissəyə görə məsuliyyət daşımır. Araşdırma nəticəsində məlum olub ki, məşələ qədər hissədə heç bir sızma halı olmayıb. Yəni burada istər Bakı şəhəri İcra Hakimiyyəti, istər "Azəriqaz" heç bir məsuliyyət daşımır", - E. Vəliyev qeyd edib.

O qeyd edib ki, həmin məşəllər "Alov qüllələri"nin balansında olduqdan, belə məlum olur ki, oranın əməkdaşları həmin ərazidə, həmin məşəldə hansısa müvafiq işlər həyata keçirib və ola bilsin, məşəlin daxilindəki xətlərdə hansısa səhlənkarlıq ucbatından nə isə baş verib: "Hərçənd ki, bu, da araşdırmanın nəticəsində məlum olacaq", - E. Vəliyev əlavə edib.

Xatırladaq ki, hadisə bu gün baş verib. Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR