Bakı şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
# 22 yanvar 2022 13:07 (UTC +04:00)

Yanvarın 21-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən xəbərə görə, müşavirədə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov 2021-ci ildə hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələri və sosial yönümlü proqramların uğurla həyata keçirilməsini, ölkəmizin iqtisadi və siyasi qüdrətinin daha da möhkəmləndirilməsini, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasətinin öz müsbət nəticələrini verməsini, əldə olunan nəaliyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən daxili və xarici siyasətin təşkil etməsini diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrası təmin edilməklə Bakı şəhəri üzrə hazırkı dövrədək ümumilikdə 246 nəfər barəsində amnistiya tətbiq edilib, o cümlədən 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişləri əsasında Azərbaycan Prokurorluğu öz inkişaflarının yeni mərhələsinə qədəm qoyub, prokurorluqda yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsində Azərbaycan Prokurorluğu mütərəqqi normativ-hüquqi bazası olan, yeni iş prinsipləri əsasında fəaliyyət göstərən dövlət təsisatı kimi inkşaf edib, kadr tərkibi yeniləşdirilən prokurorluğun mövcud çatışmazlıqlarını aradan qaldırmağa təminat verən yeni icra və nəzarət mexanizmi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilmiş, prokurorluq orqanlarının maddi-texniki bazası möhkəmləndirilib, yeni hərbi prokurorluqlar yaradılıb, işçilərin ştat sayı artırılıb.

Azərbaycan Respublikası Baş Prokurorunun rəhbərliyi altında Prokurorluq orqanları ölkəmizdə aparılan mütərəqqi islahatların reallaşdırılmasında öz xidmətlərini göstərir, prokurorluq orqanları dünya standartlarına uyğun şəkildə təkmilləşməklə, sivil, dünyəvi, dövlətçilik ideyalarına sadiqlik nümayiş etdirən, fəal vətəndaşlıq mövqeyində dayanan kollektiv formalaşdırıb və müstəqil dövlətimizin dəstəyinə arxalanmaqla, dövlətçiliyimizin maraqlarının, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının müdafiəsi işində öz xidmətlərini layiqincə göstərməkdədir.

Cinayətkarlığa qarşı mübarizənin vəziyyətinin təhlili göstərir ki, 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınmışdır. Ötən illə müqayisədə 2252 hadisə, yəni 21,4% artım müşahidə edilmişdir.

2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunur. Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1% artaraq 2792 hadisə olmuş, az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3% artaraq 7608 hadisə olmuş, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9% artaraq 2361 hadisə olmuşdur.

2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86.3% olmuşdur ki, bu ötən illə müqayisədə 5,4% artmışdır.

Bakı şəhəri ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilmişdir. Qəsdən adam öldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artmış, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olmuşdur.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı 2021-ci il ərzində 1841 fakt (2,1 dəfə), satışla bağlı isə 750 fakt (2,1 dəfə) artım qeydə alınmışdır ki, artım faizlərinin bu qədər yüksək dinamikayla inkişafı çox narahatedici göstəricidir.

Bakı şəhər prokuroru çıxışında Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş üçün prioritet məsələlərdən biri olmasını, həmin problemin vurduğu ziyanın həcminin praktiki olaraq çox böyük olması həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cinayətkarlığın artmasına, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə, bir çox mənfi hallara gətirib çıxarmasını bildirmiş və narkotik maddələrin satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı əməliyyat–istintaq tədbirlərinin həyata keçirilməsini istiqamətdə fəaliyyətin daha da gücləndirilməsini Bakı şəhərinin tabe rayon prokurorlarından tələb etmişdir.

Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı olan cinayət işləri olmuşdur.

Ötən illə müqayisədə 2021-ci il ərzində 37 hadisə artaraq 197 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmışdır.

Bu qəbildən olan cinayət işlərindən 100-ü məhkəməyə göndərilmiş, hadisəni törədən şəxsin ölməsi səbəbindən 50 iş üzrə icraata xitam verilmişdir.

Şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluq orqanlarının icraatında olan 770 işdən 368-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 13401 cinayət işindən 6072-nin istintaqı tamamlanmışdır. Onlardan polis orqanları tərəfindən 4632, prokurorluq orqanları tərəfindən 188 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmiş, bu da həm miqdar olaraq, həm də faiz nisbətində 2020-ci ilə nisbətən müsbət göstəricilərdir. Həmçinin, şəhərin prokurorluq orqanlarında 180 cinayət işinin icraatına xitam verilmiş, 202 işin icraatı dayandırılmışdır. Daxili işlər orqanlarında isə 1440 işin icraatına xitam verilmiş, 2977 işin icraatı isə dayandırılmışdır.

Heabat dövründə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 4.275.458 manat maddi ziyandan 756.684 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 33.510.697 manat məbləğində maddi ziyanın 21.069.713 manatı ödənilmişdir.

2021-ci ildə Bakı şəhər prokurorluq orqanları üzrə inzibati xətalar haqqında işlər üzrə 219 inzibati icraat başlanılması haqqında qərar qəbul edilmişdir.

Hesabat dövründə vətəndaşların qəbulu, müraciətlərə baxılması sahəsinə də xüsusi diqqət yetirilmişdir. Bakı şəhər prokurorluq orqanlarına 14950 müraciət daxil olmuş, onlardan 6723-ü öz həllini tapmış, o cümlədən 2227-si təmin edilmişdir.

Bakı şəhər prokurorluq orqanları tərəfindən 3294, onlardan 3191 nəfəri bilavasitə prokurorluqda, 103 nəfər isə yaşayış yerlərində qəbul edilmişdir.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da diqqətə çatdırılmışdır. Bağlı qalan quldurluq və oğurluq cinayət hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, artım dinamikası müşahidə olunan cinayət hadisələri ilə bağlı müvafiq təhlilin aparılaraq, cinayət hadisələrini doğuran səbəb və şəraitin aydınlaşdırılmaqla aradan qaldırılması üçün müvafiq preventiv tədbirlərin görülməsinin, eləcə də istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanmışdır. Eyni zamanda, istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları ətraflı təhlil edilməklə gələcəkdə təkrarlanmaması ilə bağlı konkret tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat vermiş, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirilmişlər.

Əməliyyat müşavirəsində qeyd olunmuşdur ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır.

2021-ci il şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 14 nəfər intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfərə şiddətli töhmət, 5 nəfərə töhmət elan edilmiş, 7 nəfərə irad tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 18 nəfər mükafatlandırılmışdır.

Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığın bütün təzahürlərinə və qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasını, dövlətçiliyimizin maraqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə etmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR