Bakıda polislərə silahlı müqavimət göstərən şəxsin istintaqı başa çatıb

Bakıda polislərə silahlı müqavimət göstərən şəxsin istintaqı başa çatıb
# 31 avqust 2022 09:56 (UTC +04:00)

Bakıda qadınlardan hədə-qorxu ilə pul tələb etmədə və polislərə qarşı silahlı müqavimət göstərməkdə təqsirləndirilən Teymur Yolçuyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə aprelin 29-da saat 2:50 radələlərində Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Araşdırma zamanı kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etməsini, kafenin şüşələrini sındırmasını, işçilərdən birinə isə bıçaqla xəsarət yetirərək getməsini bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda həmin şəxsin yeri müəyyənləşdirilib. Saxlanılması üçün ona yaxınlaşdıqda həmin şəxs bıçaqla polis əməkdaşlarına hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Bu zaman polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb. Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən ayaq nahiyəsinə atəş açılmaqla zərərsizləşdirilib.

Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərib, yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.

Araşdırmalarla həmin şəxsin əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini, 49 yaşlı Teymur Yolçuyev olduğu müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR