Bakıda qonaq getdikləri evdən oğurluq edən şəxslər tutulub - VİDEO

saxlanılan şəxslər

© APA | saxlanılan şəxslər

# 29 yanvar 2022 12:57 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı inzibati ərazidə baş verən bir neçə oğurluq faktını törədən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, tədbir zamanı əvvəlcə Səbail rayonunda yerləşən mənzildən oğurluq edən paytaxt sakinləri İlkin Rəsulov, onun tanışları Nuranə Məmmədova və Elçin Ağayev tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər hadisə günü Səbail rayonunda yaşayan İlkin Rəsulovun dostunun evinə qonaq gediblər. Bir neçə gün orada qalandan sonra isə ev sahibinin olmamasından istifadə edərək mənzildən 8700 manat, 1600 dollar, 7000 manat dəyərində qızıl-zinət əşyaları və dəyəri 3000 manat olan 1 ədəd kürk oğurlayıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir tədbir zamanı isə bank kartlarından oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini İbrahim Əhmodov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, o müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin bank kartlarında ümumilikdə 4000 manata yaxın pul oğurlayıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə metronun “İçərişəhər” stansiyasının yaxınlığında vətəndaşlardan birinin çantasını oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində Bakı şəhər sakini Ruslan Novruzov tutularaq bölməyə gətirilib. Onun oğurladığı çantanın içində dəyəri 3000 manat olan mobil telefon və 600 manatlıq elektronika məhsulları olub. Ruslan Novruzov oğurladığı əşyaları paytaxt ərazisindəki mağazalardan birinə satıb.

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

"Faktlarla bağlı saxlanılan barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR