Bakıda tanışını bıçaqlayan şəxsin 8 il əvvəl başqa adla məhkum edildiyi məlum olub

Bakıda tanışını bıçaqlayan şəxsin 8 il əvvəl başqa adla məhkum edildiyi məlum olub
# 17 avqust 2022 14:33 (UTC +04:00)

Bakıda tanışına bıçaqla ağır xəsarət yetirməkdə ittiham olunan Əlimiran Hüseynov məhkəmə qarşısına çıxarılıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun icraatına verilmiş cinayət işi ilə bağlı hazırlıq iclasında maraqlı məqamlar ortaya çıxıb.

Cinayət işinin materiallarında göstərilib ki, ittiham olunan 1948-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Əlimiran Hüseynov tanışı Xəqani Süleymanov ilə Nəriman Nərimanov adına istirahət parkında dava edib. Hadisə nəticəsində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq edərək ona iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan Xəqani Süleymanovu xilas etmək mümkün olub.

Əlimiran Hüseynov isə istintaqa cəlb olunaraq Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə şübhəli şəxs kimi barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin hazırlıq iclasında işlə bağlı sənədlərə baxış keçirilərkən ittiham olunan Əlimiran Hüseynovun əvvəllər Əli Mehdiyev adı ilə tanındığı ortaya çıxıb. Hətta o, 2014-cü ildə Əli Mehdiyev kimi külli miqdarda narkotik dövriyyəsində təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

Hazırda məhkəmədə baxılan işlə bağlı ittiham aktında isə göstərilib ki, Əlimiran Hüseynovun əvvəllər məhkumluğu olmayıb. Məhkəmənin Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə və digər aidiyyatı qurumlara sorğularına cavabda ittiham olunan şəxsin Hüseynov Əlimiran Rəfi oğlu olduğu təsdiq olunub.

Hakim Əli Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti istintaq orqanının kobud səhvə yol verməklə gəldiyi nəticəni əsassız hesab edib, cinayət işini araşdırmaqdan imtina edib.

Qərara əsasən, işə baxılmasına xitam verilib, cinayət işi ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR