Bakıda yaşayış binasında partlayış olub, xəsarət alan var - FOTO

Bakıda yaşayış binasında partlayış olub, xəsarət alan var - FOTO
# 02 fevral 2023 08:40 (UTC +04:00)

Bu gecə saat 00:15 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

FHN qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Hadisə zamanı partlayış dalğasının təsirindən mənzilin bir otağının pəncərə çərçivəsi yerindən çıxıb, yanğın nəticəsində bir ədəd divan və kreslo qismən yanıb, yüksək temperaturdan bir ədəd kondisioner deformasiyaya uğrayıb. Mənzildə kirayəçi kimi yaşayan bir nəfər vətəndaş yanıq xəsarətləri alıb. Partlayış nəticəsində binanın yaxınlığında dayanan iki ədəd minik avtomobilinə ziyan dəyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR