Bakıda yaşayış binasında yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB -5

Bakıda yaşayış binasında yanğın söndürülüb - FOTO   - VİDEO   - YENİLƏNİB -5
# 17 may 2022 23:43 (UTC +04:00)

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilməyərək saat 23:23-də söndürülüb.

APA-nın xəbərinə görə, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

***

23.25

Bu gün saat 22:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

FHN-dən APA-ya verilən məlumata görə, qüvvələrin operativ müdaxiləsi və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğın saat 23:05-də məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

23.22

Füzuli Əsədovun APA-ya verdiyi məlumata görə artıq yanğın məhdudlaşdırılıb. Hazırda binada soyutma işləri aparılır.

***

23.20

Yanğın Çingiz Mustafayev küçəsi 60 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə başlayıb. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, alov ikinci mənzilə keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

***

23.16

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov APA-ya bildirib ki, bu ikinci dərəcəli yanğın çağırışıdır.

Üçmərtəbəli binada 2 mənzil yanıb, 5 nəfər təxliyə edilib.

***

22.55

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

22.51

Bakıda yanğın başlayıb.

APA xəbər verir ki, hadisə Qış parkının yaxınlığında yerləşən yaşayış binasında qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin ( FHN) Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR