Baş Prokurorluğun idarə rəisi korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirdə çıxış edib

“COVID-19 pandemiyası və digər böhranlar zamanı korrupsiyaya qarşı mübarizə” mövzusunda vebinar

© APA | “COVID-19 pandemiyası və digər böhranlar zamanı korrupsiyaya qarşı mübarizə” mövzusunda vebinar

# 23 dekabr 2021 10:25 (UTC +04:00)

Prokurorluq orqanlarının başlıca fəaliyyət istiqamətləri üzrə effektivliyin tam təmin olunması məqsədi ilə görülən işlərdən biri kimi qurumun beynəlxalq tərəfdaşlarla işgüzar əlaqələri daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, belə əməkdaşlıq platformalarından biri kimi çıxış edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi (ACN) tərəfindən “COVID-19 pandemiyası və digər böhranlar zamanı korrupsiyaya qarşı mübarizə” mövzusunda vebinarın keçirilməsi ilə əlaqədar ölkəmizin bu sahədə əldə etdiyi müsbət istintaq təcrübəsi barədə Şəbəkəyə üzv olan və digər region dövlətlərinin nümayəndələrinə məlumat verilməsi xahiş edilib.

Cari ilin 21 dekabr tarixində İspaniya, Latviya, Gürcüstan, Moldova, Qırğızıstan, Özbəkistan və digər bu kimi dövlətlərin hüquq-mühafizə orqanlarının müvafiq sahədə ixtisaslaşmış əməkdaşlarının iştirakı ilə virtual qaydada keçirilmiş sözügedən tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov geniş ictimai rezonansa səbəb olan pandemiya dövrünə xarakterik korrupsiya hüquqpozmaları ilə bağlı ölkəmizin prokurorluq orqanları tərəfindən aparılıb, cinayət işlərinin istintaqı təcrübəsi barədə təqdimatla çıxış edib.

Eyni zamanda, tədbirdə Rumıniya və Qazaxıstan respublikalarının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanlarının nümayəndələri də öz ölkələrində analoji sahədə baş verən qanunsuzluqlarla bağlı aparılmış cinayət işlərinin istintaq metodları və formalaşmış müsbət təcrübəyə dair çıxışlar edib, sonda aktual mövzu üzrə fikir mübadiləsi aparılmaqla iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR