Bərdə İcra Hakimiyyəti "bayraq qalmaqalı" ilə bağlı açıqlama yayıb - VİDEO - YENİLƏNİB

Bərdə İcra Hakimiyyəti "bayraq qalmaqalı" ilə bağlı açıqlama yayıb - VİDEO  - YENİLƏNİB
# 30 sentyabr 2022 13:08 (UTC +04:00)

Bərdə rayon İcra Hakimiyyəti icra başçısı aparatının işçisinin Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə sosial şəbəkələrdə yayılmış videogörüntüyə münasibət bildirib.

Bərdə İH-dən APA-ya verilən məlumata görə, İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun sosial şəbəkələrdə yayılmış qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir: “Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb.

Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.

***

11.35

Bərdədə Azərbaycan bayrağı ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyib.

A. Qiyaslı bildirib ki, qeyd edilən videogörüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan bayrağına hörmətsizliklə bağlı videogörüntülər sosial şəbəkədə yayılıb. Hadisənin Bərdə şəhərində baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR