Biləsuvarda baş verən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB-2

Biləsuvarda baş verən qətlin təfərrüatları məlum olub  - YENİLƏNİB-2
# 08 dekabr 2022 17:14 (UTC +04:00)

Biləsuvar rayonunun Xırmandalı kəndində baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatları məlum olub.

APA-nın cənub bürosu xəbər verir ki, rayonun Xırmandalı kəndində baş verən qətl qisas məqsədi ilə törədilib.

Eyni zamanda qətlin motivində bir intihar məktubunun izi də üzə çıxıb. Belə ki, kənd sakini, 37 yaşlı Kazımov Cavad Eynulla oğlu həmkəndlisi, 40 yaşlı Mehtun Qarayevə zəng edərək onu yaşadığı evinin yaxınlığına çağırıb. Qısa söhbət sonrası Cavad həmkəndlisinin baş və bel nahiyəsinə ov silahından atəş açaraq, onu qətlə yetirib. Onlar arasında ədavət 8 il əvvəldən yaranıb. Hadisəni törədən Cavad Kazımovun bacısı 2014-cü ildə intihar edib və ölümündən əvvəl məktub yazaraq intiharının səbəbkarı kimi Mehtunun adını qeyd edib.

Ailələr arasında yaranan və uzun sürən ədavət Cavad Kazımovun Mehtundan qisas alması ilə nəticələnib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və davam edir.

Qeyd edək ki, mərhum Mehtun Qarayev qəssab kimi fəaliyyət göstərib. Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib və ondan cinayət aləti olan ov silahı aşkar olunaraq götürülüb.

***

08.27

Dekabrın 8-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

***

05.21

Biləsuvar rayonu, Xırmandalı kənd sakini Mehtun Qarayevi öldürməkdə təqsirli bilinən şəxs saxlanılıb.

Bu barədə APA-ya DİN-dən bildirilib.

Qeyd edilib ki, şəxsi münasibətlər zəminində əməli törətməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci il təvəllüdlü Cavad Kərimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Ondan cinayət aləti olan ov silahı aşkar olunaraq götürülüb.

***

04.07

Dekabrın 8-də saat 03 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində kənd sakini 1982-ci il təvəllüdlü Mehtun Qarayevin üzərində qırma xəsarətləri olan meyiti aşkarlanıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR