Daşkəsəndə uçqun olub, 4 kəndə gedən yol bağlanıb - FOTO - YENİLƏNİB

Daşkəsəndə uçqun olub, 4 kəndə gedən yol bağlanıb - FOTO  - YENİLƏNİB
# 05 sentyabr 2022 15:06 (UTC +04:00)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Daşkəsən rayonunun Mollahəsənli kəndi yaxınlığında baş vermiş uçqun hadisəsi barədə məlumat yayıb.

QSC-dən APA-ya daxil olan məlumata görə, sentyabrın 3-də gecə saat 23:30 radələrində Daşkəsən rayonunun Mollahəsənli kəndi yaxınlığında torpaq uçqunu hadisəsi baş verib.

Hadisə nəticəsində təqribən 10 hektar ərazini əhatə edən torpaq kütləsi Daşkəsən rayonu ilə Mollahəsənli, Əhmədli, Şahvələdli və Dəstəfur kəndlərini birləşdirən yolun Mollahəsənli kəndindən keçən hissəsini, eyni zamanda ərazidən axan Mollahəsənlisu çayının qarşısını kəsib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Uçqun hadisəsi vaxtı ilə mədən ərazisinin inzibati sərhədləri daxilində yerləşmiş, 1984-1993-cü illər ərzində Dağ-mədən Filizsaflaşdırma Kombinatı tərəfindən mədən üstaçma işləri zamanı əldə edilmiş gil qarışıqlı yararsız torpaq və qarışıq tullantı süxurları anbarı kimi istifadə edilmiş ərazidə baş verib. Torpaq kütləsinin heç bir kimyəvi qarışığı olmadığından hadisənin ətraf mühitə hər hansı bir ekoloji təsiri olmayıb.

Bildirilib ki, qeyd olunan ərazi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi “Daşkəsən Dəmir Filiz” MMC-nin hasilat fəaliyyəti apardığı “Cənub-Şərq” mədən ərazisindən təqribən 2 kilometr aralıda yerləşdiyindən şirkətin onlarla tikinti texnikası və canlı qüvvəsi əraziyə cəlb edilərək hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq dəstək işləri görülüb.

Hadisədən bir neçə saat sonra sözügedən kəndlərlə əlaqə təmin edilib və kiçik çayın axını məcrasına doğru yönəldilərək nəticədə daşqın və növbəti torpaq uçqunu riski aradan qaldırılıb. Bununla yanaşı, səhər saatlarına yaxın kəndin elektrik enerjisi ilə təminatı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin regional heyəti tərəfindən bərpa edilib. Hazırda müvafiq qurumlar tərəfindən aidiyyəti mütəxəssislər əraziyə cəlb edilib, yolun tam olaraq açılması istiqamətində işlər görülür. Paralel olaraq qeyd edilən ərazidə bu kimi hadisənin gələcəkdə yenidən baş verməməsi üçün qabaqlayıcı tədbirlər planı hazırlanır.

Qeyd edilib ki, hazırda “Daşkəsən Dəmir Filiz” MMC-nin hasilat fəaliyyəti apardığı “Cənub-Şərq” mədənində üstaçma işləri nəticəsində çıxarılmış mədən materialları (münbit torpaq qatı, boş süxur və filiz süxurları) 3 istiqamətdə daşınaraq xüsusi layihə ilə hazırlanmış anbarlarda təhlükəsizlik qaydalarına uyğun olaraq saxlanılır. “Daşkəsən Dəmir Filiz” MMC-nin mədənlərdə müvafiq fəaliyyəti beynəlxalq səviyyədə qəbul edilmiş xüsusi metodlardan istifadə edilməklə aparılır və bu kimi hadisələrin baş vermə riski yox səviyyəsindədir.

***

12.33

Daşkəsən rayonunda dağ uçqunu baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əhmədli, Mollahəsənli və Dəstəfur kəndinə gedən yolda qeydə alınıb.

Dağ uçqunu zamanı yol bağlanıb. Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub. Yolun açılması istiqamətində işlər gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR