Daxili İşlər Nazirliyi azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin necə saxlandığını açıqlayıb.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev APA-ya açıqlamasında bu barədə məlumat verib.
“Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şübhəli şəxs necə saxlanıldı? O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü. Dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdı. Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərini araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı. Onun saxlanılması istiqamətində əməliyyat qruplarına kömək edən vətəndaşlara təşəkkür edirik” – deyə DİN rəsmisi bildirib.
***
19.01
Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevin APA-ya verdiyi məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Araşdırmalar davam etdirilir.