DİN məcburi köçkünün polis tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

DİN məcburi köçkünün polis tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
  • Clock-gray 13:58
  • calendar-gray 25 İyun 2019

Daxili İşlər Nazirliyi (DİN) məcburi köçkünün polis tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, iyunun 22-də xəbər saytlarından biri Laçın rayonundan olan məcburi köçkün, hazırda Abşeron rayonunda məskunlaşan Pərviz Əliyevin özlərini polis əməkdaşları kimi təqdim edən iki nəfər tərəfindən döyülərək xəstəxanalıq edilməsi barədə məlumat yayımlayıb: “Polis əməkdaşları və ümumiyyətlə polis mövzusunda həqiqətdən, obyektivlikdən uzaq və qərəzli məlumatlar yaymaqda “ixtisaslaşmış” qeyd olunan saytın növbəti belə “feyk” xəbəri Daxili İşlər Nazirliyi rəhbərliyinin diqqətindən də yayınmayıb. Bununla bağlı aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinin rəhbərliyinə məsələnin ciddi şəkildə araşdırılaraq təqsirkarların məsuliyyətə cəlb edilməsi barədə müvafiq göstəriş verilib”.

O. Mansurzadə qeyd edib ki, Pərviz Əliyevin iyunun 6-da saat 03 radələrində Xırdalan şəhəri ərazisində yerləşən restoranlardan birinin həyətində iki nəfər tərəfindən döyülməsi barədə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə və Abşeron RPİ-yə müraciətləri əsasında toplanmış materiallar üzrə İdarənin İstintaq şöbəsində CM-in 221.2.1 maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ona ağır xəsarətlər yetirməkdə şübhəli bilinənlərin şəxsiyyəti müəyyənləşdirilib.

Hadisənin iştirakçılarından Kəlbəcər rayonunda anadan olmuş, hazırda Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan, fərdi əməklə məşğul olan, özlərini asayiş keşikçiləri kimi təqdim etmiş şəxslərdən biri - Bəhruz Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılıb, digərinin də yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir.

“Zərərçəkən Pərviz Əliyev və ailə üzvləri hadisənin və araşdırmanın nəzarətə götürülməsinə, məsələyə verilən operativ reaksiyaya, cinayətin iştirakçılarından birinin tutulmasına görə DİN-in rəhbərliyinə təşəkkür məktubları da ünvanlayıblar”, - deyə O. Mansurzadə bildirib.

Hafiz Heydərov

Digər xəbərlər

Arxiv

date