DSX Akademiyasında yanğın söndürülüb, Elçin Quliyev hadisə yerinə gedib - YENİLƏNİB-3 - VİDEO

DSX Akademiyasında yanğın söndürülüb, Elçin Quliyev hadisə yerinə gedib - YENİLƏNİB-3  - VİDEO
# 06 dekabr 2022 18:08 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

17.53

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında baş verən yanğın məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Xəbərə görə, bu gün saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

17.46

Dövlət Sərhəd Xidməti DSX Akademiyasının binasında baş verən yanğın barədə məlumat yayıb.

DSX Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, dekabrın 6-da saat 16:40-da Akademiyanın əsas korpusunda yanğın hadisəsi baş verib.

Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan yoxdur.

Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

***

17.22

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

17.20

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının binasında yanğın baş verib.

APA xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının lokallaşdırılması və tam söndürülməsi istiqamətində işlər aparılır.

Sail Ağasəlim

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR