DSX: Cəbrayılda İranla sərhəddən 95 kq-dan artıq narkotik vasitə aşkarlanıb - VİDEO

DSX: Cəbrayılda İranla sərhəddən 95 kq-dan artıq narkotik vasitə aşkarlanıb - VİDEO
# 22 iyul 2022 12:32 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əmə­liyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.

DSX-dan APA-ya verilən xəbərə görə, iyulun 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilmiş 4 bağlama aşkar olunub.

Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət marşrutları nəzarətə götürülüb, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olunub. Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.

Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib. Fakt üzrə həyata keçirilmiş təxirə­salınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşkilatçısı olan Azərbaycan Respublikasının vətəndaşı Bərdə rayon sakini 1998-ci il təvəl­lüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.

Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram “marixuana”, 7 kq 600 qram “heroin”, 400 qram “metamfetamin”) və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib.

Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respubli­kasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR