Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılıb

Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılıb
# 24 iyun 2022 16:44 (UTC +04:00)

Xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirilmələri barədə daxil olmuş məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar aparılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Ağayev Rasif Nufiəli oğlu və 1970-ci il təvəllüdlü İsayev Ənvər Abasxan oğlunun İran İslam Respublikasında yaşayan müəyyən şəxslərlə qabaqcadan sövdələşərək həmin ölkədən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçirilməsini təşkil etmələrinə əsaslı şübhələr yaranıb.

Müəyyənləşdirilib ki, Rasif Ağayev və Ənvər İsayev İran İslam Respublikası vətəndaşları ilə əlbir olub maddi maraq müqabilində adıçəkilən ölkənin ərazisində olan xarici ölkə vətəndaşlarının qeyri-leqal yolla Azərbaycan Respublikasına keçmələrinin təşkil edilməsi barədə razılaşmış və bu məqsədlə Rasif Ağayev gecəgörmə cihazı və digər texniki avadanlıqlardan istifadə etməklə Yardımlı rayonunun Arvana kəndindən dövlət sərhədini pozaraq İran İslam Respublikasına keçib, orada olan əcnəbiləri dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar gizli, qanunsuz Azərbaycan Respublikası ərazisinə keçirib, onları qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əvvəlcə Ənvər İsayevin Yardımlı rayonunun Arvana kəndində yerləşən evinə, oradan isə Bakı şəhərində özünə məxsus evə gətirib. Keçirilmiş əməliyyat tədbirləri zamanı hər iki şəxs, o cümlədən xarici ölkə vətəndaşları saxlanılıblar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rasif Ağayev və Ənvər İsayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR