Elinanın intihar etdiyi məktəbin direktorunun məhkəməsinin vaxtı məlum olub

Elinanın intihar etdiyi məktəbin direktorunun məhkəməsinin vaxtı məlum olub
# 17 iyul 2019 16:24 (UTC +04:00)

Bakıdakı 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsinə dair apelyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Bu barədə APA-ya iş üzrə zərərçəkmiş tərəfin vəkilləri məlumat verib. Bildirilib ki, Bakı Apelyasiya Məhkəməsində iclas iyulun 19-a təyin edilib

Şikayət hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu ilin aprelində Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Həmin vaxt məktəbin direktoru olmuş Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu yaxınlarda qətimkan tədbirinin vaxtı uzadılıb. Zərərçəkmiş tərəf ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR