Ermənistanın təxribatı nəticəsində Kəlbəcərdə yaralanan mülki şəxs: “Qəlpə topuğuma dəydi, ayağımı yerə basa bilmirəm”

Arzuman Orucov

© APA | Arzuman Orucov

# 14 sentyabr 2022 12:50 (UTC +04:00)

"Ermənistan axşam saat 11 radələrində təxribata əl atdı, atışma başladı. Gecə saat 3 radələrində yaxınlığımıza top mərmisi atıldı. Bunun ardınca atılan ikinci mərmi lap yaxınımıza düşdü, xoşbəxtlikdən partlamadı. Tez yerə uzandıq. Üçüncü mərmi isə yaxınlığımızda partladı”.

Bunu APA-ya açıqlamasında Ermənistanın təxribatı nəticəsində Kəlbəcər rayonunun Dəmirçidam kəndində yaralanan mülki şəxs Arzuman Orucov deyib.

Mərmi partlayışından sonra A. Orucov topuğundan qəlpə yarası alıb: “Baxdım ki, digər yoldaşım çığırır. Tez yanına qaçdım, gördüm ki, ayağından qan axır. Bir kəndir tapıb, tez ayağını bağladım. Qanı dayandıra bildim. Sonra aidiyyəti yerlərə zəng vurdum. Təcili gəlib hospitala çatdırdılar”.

A. Orucov həmin şəxsin hazırda Gəncədə müalicə olunduğunu bildirib: “Mənim də ayağımı sarıdılar. Xəstəxanaya yerləşdirmək istəyirdilər, razılaşmadım. Hazırda ayağımı yerə basa bilmirəm. Lazımı tibbi dəstək göstərilir. Dünən ayağımın sarğısını dəyişiblər, bu gün də dəyişəcəklər”.

May ayından Kəlbəcərdə heyvandarlıq fəaliyyəti ilə məşğul olduqlarını qeyd edən A. Orucov Ermənistanın təxribatı nəticəsində təsərrüfatlarına da ciddi ziyan dəydiyini bildirib.

Qeyd edək ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan, Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan, Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

Hazırda A. Musayev Gəncə şəhəri A. Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A. Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt hazırda araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR