FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə təlim keçirib - VİDEO

FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə təlim keçirib - VİDEO
# 21 may 2022 11:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Bakı şəhərinin Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidməti heyəti yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin təlim məşqini uğurla icra edib.

FHN-dən APA-ya verilən xəbərə görə, əsas məqsədi Liman ərazisində baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı mübarizə bacarığını və işçilərin təhlükəsizliyinin təminini yüksəltmək olan təlim çərçivəsində şərti olaraq biri qapalı, digəri isə açıq sahədə olmaqla 2 süni yanğın ocağı formalaşdırılıb.

Daha sonra həyəcan siqnalı işə düşüb və qısa zamanda Limanda yanğın baş verən ərazi üzrə mövcud olan könüllü yanğından mühafizə dəstəsi alova ilkin müdaxiləyə başlayıb. Eyni zamanda, ərazidə olan bütün şəxslər toplama məntəqəsinə yönələndirilib və müvafiq şərait qiymətləndirilərək FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Limanın mühafizə xidməti tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilməklə yanaşı, əraziyə cəlb edilən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin operativ nəqliyyat vasitələri və canlı qüvvəsinə yol göstərəcək bayraqdarlar işlərinə başlayıb.

Təlim çərçivəsində çevik reaksiya və doğru müdaxilə nəticəsində hər iki nöqtədəki “alov” qısa zamanda “söndürülüb” və yanğının texniki təlim planına uyğun olaraq hadisə nəticəsində səhhəti pisləşən bir işçi FHN-in əməkdaşları tərəfindən təxliyə edilərək Təcili Tibbi Yardım Briqadasına təhvil verilib.

Bakı Limanı ərazisində həyata keçirilən yanğın-texniki təlim çərçivəsində liman heyətinin hadisələrə reaksiyası və ardıcıllığı FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və müvafiq tövsiyələr verilib.

Belə təlimlərin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR