FHN qanunsuz neft məhsulları satışının qarşısını alıb - VİDEO

FHN qanunsuz neft məhsulları satışının qarşısını alıb - VİDEO
# 24 yanvar 2023 11:09 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinin təmin edilməsi istiqamətində birgə fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 55 ünvanında fərdi sahibkar Rzayev Sevindik Çoban oğlu tərəfindən yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq yanacaq məhsulları ilə dolu çənlərin saxlanılması və plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dərhal göstərilən ünvana cəlb edilib.

Keçirilən baxış zamanı həqiqətən də yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq, neft məhsullarının saxlanılması və plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi faktı aşkar edilib.

Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı FHN əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş akt sahibkara təqdim edilib. Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR