FHN: Şamaxıda yanğın söndürülüb, meşə mühafizə olunub - FOTO - YENİLƏNİB

FHN: Şamaxıda yanğın söndürülüb, meşə mühafizə olunub - FOTO   - YENİLƏNİB
# 21 iyul 2022 18:37 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Şamaxı rayonunun Əngəxəran kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.

APA FHN-in saytına istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının traktor qoşqusundan yerə dağılmış ot bağlaması və yol kənarındakı kol-kosda baş verdiyi və hər an meşəyə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativliyi sayəsində yanğın qısa müddətdə söndürülərək meşəyə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumilikdə təxminən 1,5 hektar ərazidə quru ot və kol-kos, 5 ton ot bağlamasının isə 3 tonu yanıb. Ətraf ərazilər, o cümlədən meşə yanğından mühafizə olunub.

***

17:58

Şamaxı rayonu ərazisindəki meşə zolağında yanğın başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17:00 radələrində Şamaxı rayonunun Məlhəm kəndi ərazisində hərəkətdə olan traktorun qoşqulu yük yerində qəflətən yanğın baş verib.

Traktorun təkərinin nasazlığı səbəbindən yaranan qığılcım nəticəsində baş verən yanğın zamanı traktordakı 160 ədəd ot bağlaması yanıb. Hadisə zamanı alov yol kənarındakı meşə zolağına keçib. İndiyədək təxminən 2 hektar ərazidə meşə ağacları, quru ot və kol-kos yanıb. Əraziyə Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hazırda davam edən yanğının söndürülməsi üçün tədbirlər görülür. Yolun ortasında qalan traktorun yük yerində baş verən yanğın səbəbindən turizm bölgəsi olan Şamaxı-Pirqulu yolunun bir hərəkət zolağı bağlandığı üçün hazırda nəqliyyatın hərəkətində çətinlik yaranıb. Əraziyə nəzarət üçün DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR