FHN: “Spring” hoteldəki yanğında 50 nəfər təxliyə edilib - YENİLƏNİB 2 - FOTO - VİDEO

FHN: “Spring” hoteldəki yanğında 50 nəfər təxliyə edilib - YENİLƏNİB 2   - FOTO  - VİDEO
# 29 sentyabr 2022 23:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən “Spring” otelində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində otel binasına bitişik yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, habelə otel binasına keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 25kv.m olan sauna otağının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan hovuz bölməsinin alüminium materialından ibarət tavanı 60kv.m sahədə əriyib. Yanğın zamanı tikilinin 2-ci mərtəbəsində yerləşən banket zalından 50 nəfər vətəndaş FHN əməkdaşları tərəfindən təxliyə olunub.

Ümumi sahəsi 4200kv.m olan 4 mərtəbədən ibarət yardımçı tikilinin böyük hissəsi və otel binası yanğından mühafizə olunub.

***

Saat 21:17

Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanğınsöndürənlər ünvana çatdıqdan sonra yanğının "Spring" Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının APA-ya verdiyi məlumata görə, yanğın zamanı 50 nəfər təxliyə edilib.

Yanğından mühafizə qüvvələrinon operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

***

Saat 20:58

Abşeron rayonunda “Spring” hoteldə yanğın olub.

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın məhdudlaşdırılıb.

Hazırda soyutma işləri gedir.

***

Saat 20:27

Abşeronda hoteldə yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR