Gəncə və Qusarda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Gəncə və Qusarda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
# 12 sentyabr 2019 09:40 (UTC +04:00)

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Həsən Quliyev saxlanılaraq RPİ-nə gətirilib. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 10.5 qram çəkidə narkotik vasitə olan marixuana və 1.2 qram heroin aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H. Quliyevin şəhər ərazisindəki yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində də narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər üç dəfə məhkumluq həyatı yaşamış 57 yaşlı Azər Məmmədkərimov Qusar rayonu Avaranqışlaq kənd ərazisində saxlanılaraq RPŞ-nə gətirilib. Burada hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 29 ədəd kağız bükümlərdə narkotik maddə olan heroin, 8 ədəd kağız bükümlərdə güclü təsiredici psixotrop maddə olan metamfetamin, eləcə də iki ədəd metadon həbləri aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı A. Məmmədkərimov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR