General oğlunun və sabiq baş infeksionistin evindən oğurluq edən "alpinistlər"in cəzası azaldılıb

General oğlunun və sabiq baş infeksionistin evindən oğurluq edən "alpinistlər"in cəzası azaldılıb
# 30 sentyabr 2022 15:52 (UTC +04:00)

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədov barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə qüvvədə olan hökm qismən dəyişdirilib.

Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə təqsirləndirilən Cavid Süleymanovun cəzası 1 il azaldılaraq 8 ilə, Əhməd Əhmədovun cəzası isə 3 il azaldılaraq 5 ilə endirilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Cavid Süleymanovun vəkili Elmar Süleymanov APA-ya açıqlamasında apellyasiya məhkəməsinin qərarından narazı qaldıqları deyib: "Müdafiə etdiyim şəxsin psixoloji problemləri olması ilə bağlı ekspertiza təyin olunmasını istəsək də, məhkəmə vəsatəti təmin etmədi. Tezliklə qərardan kassasiya şikayəti veriləcək".

İttihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V. Mirzəyevə 167 min manat ziyan vurulub.

Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Süleymanov 9 il, Əhməd Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR